Печат Печат
1905.az

GİSDİ Azərbaycanda prezident seçkilərinə dair Aralıq Hesabatı təqdim edib

1905.az, 29.03.2018

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatını martın 29-da təqdim edib. Sechki-2018.az saytının xəbərinə görə, hesabat siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində hazırlanıb. Aralıq hesabata ekspertlərin aşağıdakı istiqamətlərdə müşahidələri daxil edilib: Makrosiyasi şərait və sistem; Azərbaycanda seçkiqabağı vəziyyət; Hüquqi çərçivə və seçki administrasiyası; Seçki siyahıları və seçicilərin qeydiyyatı; Namizədlərin irəli sürülməsi və qeydiyyatı; Seçki kampaniyası; Seçki prosesində KİV; Şikayət və müraciətlər; Seçki günü seçkilərin müşahidəsi və s.

Təşkilatın uzunmüddətli müşahidə missiyasının ekspertlərinin müşahidə və araşdırmalarında müəyyən edilib ki, azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makrosiyasi mühit münbitdir. Ölkədə seçkiqabağı mühit sabitdir, elektoratın öz seçimini azad ifadə etməsi, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur. Azərbaycan Respublikasında seçki prosesini tənzimləyən hüquqi sənədlərinin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçki administrasiyasının işinin müşahidəsi ümumilikdə onun işinin müsbət qiymətləndirilməsinə imkan yaradır. Seçici siyahıları ilə iş daim aparılır, onlar yenilənir və dəqiqləşdirilir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini ümumilikdə müsbət qiymətləndirmək olar. KİV-in monitorinqi göstərir ki, namizədlərdən biri, daha doğrusu, fəaliyyətdə olan prezidentə KİV-də daha çox yer ayrılır. Lakin materialların kontent-təhlili göstərdi ki, bu bərabərsizlik onun seçki kampaniyasının deyil, prezident kimi fəaliyyətinin işıqlandırılması nəticəsində baş verib. Bu günə kimi aparılan monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib. Azad toplaşma hüququ təmin olunur.

Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsünün ekspertləri hesab edirlər ki, seçkiqabağı şərait və qanunverici baza ədalətlidir və demokratik seçkilərin keçirilməsini təmin edir.

 
Печат Печат


» Azer EOM 2018 » Media Coverage » 1905.az